Menyu

Sabunçu və Suraxanı rayonlarında fəaliyyət göstərən Balakhani Operating Company LTD, Surakhani Oil, Azgerneft şirkətlərinin əməkdaşları Azərbaycanın qəhrəmanlıq səlnaməsinin şərəfli səhifəsi-Qara Yanvar hadisələrinin 35-ci ildönümünü andılar. 

Tarixi yaddaşımıza ekskursu “Balakhani Operating Company LTD”nin ərazisində yerləşən “Şəhidlər Unudulmur” abidəsi qarşısına qərənfillər düzməklə başlayan neftçilər daha sonra Sovet İttifaqının süqutunu tezləşdirən həmin faciəli gecəni anım mərasimində fəxri neftçilər, əməkdar mühəndis, AR Prezidentinin təqaüdçüsü Telman Cəfərov, əməkdar mühəndis, texniki elmlər doktoru Şaiq Bəkirovun xatirələri ilə yad etdilər. 

Əməkdar mühəndislər çıxışlarında vurğuladılar ki, Mixail Qorbaçovun əmri ilə Bakıda dinc azərbaycanlılara qarşı Sovet hərb maşınının terror aktı baş verəndə neftçilər vəzifə borclarının başında idilər. O zaman minlərlə Sovet əsgəri Bakıya Qalada yerləşən hərbi aeroport vasitəsi ilə də gətirilmişdir. Hərbçilər yolu bağlayaraq tanklarla maşınların üzərindən keçirdilər. Bunların arasında həm fərdi avtomobillər, həm də neft mədənlərinə aid yük maşınları var idi. Telman Cəfərov bildirdi: “Biz, hamımız ailələrimizə görə narahat idik. Mən, ailəmdən xəbər tutmaq üçün Çilov adasındakı ezamiyyətimi bitirib evə tələsəndə şaxtalı havada Pirallahıdan Qalaya qədər 20 km-dən çox yolu ayaqla gəldiyimi xatırlayıram. Sabunçuda yerləşən 3 saylı klinik xəstəxanaya durmadan yaralılar gətirirdilər.” 

Qurudakı yataqlarda hasilat dayandırlmışdır. Lakin neftçilər mədənlərdə mümkün təxribatların qarşısını almaq üçün könüllü şəkildə işə çıxırdılar. Hadisələr hasilat prosesini ləngitməklə yanaşı iqtisadi böhranı da dərinləşdirdi- neftçilər aylarla əmək haqqlarını ala bilmirdilər. Şaiq Bəkirov vurğuladı ki, bütün bunlara baxmayaraq, Azərbaycan xalqının həmin dövrdəki əzmi onu Sovet təsirindən birdəfəlik çıxararaq müstəqilliyə apardı: “Əli silahsız əhali qırğına verilsə belə, biz müstəqillik istəyimizdən dönmədik. Qara Yanvar qurbanlarının ruhları qarşısında baş əyirik.”

Neftçilərin tədbirində iştirak edən millət vəkili Vüqar Rəhimzadə və YAP Sabunçu rayon təşkilatının sədri Araz Xudadanov hasilat şirkətlərinin gənc əməkdaşlarına müraciətdə tarixi yaddaşımızı yaşatdıqları üçün minnətdarlığını bildiriblər. Qara Yanvar hadisələrinin ictimai-siyasi konteksti barədə danışan natiqlər qeyd ediblər ki, o zamankı Azərbaycanın rəhbərliyinin iradəsizliyi və qətiyyətsizliyi nəticəsində Topxana hadisələrinə münasibət olaraq yaranan ictimai etiraz dalğası böyüyərək bu faciəyə gətirmişdir. Məlumat blokadasında olan xalqımızın haqq səsini dünyaya çatdıran 20 Yanvar faciəsindən bir gün sonra Azərbaycanın Moskvadakı nümayəndəliyinə gedərək Qorbaçov rejiminin Bakıdakı qanlı aksiyasını törədənləri ifşa edən ümummilli lider Heydər Əliyev olmuşdur. 

Tədbirdə çıxış edən “Balakhani Operating Company LTD”-nin prezidenti Rövşən Rzayev isə bildirdi ki, əsrlər boyu Azərbaycanın sərvətləri yabançı dövlətlər tərəfindən vəhşicəsinə, insafsızcasına dağıdılıb, Azərbaycan xalqına bu sərvətlərdən heç nə çatmayıb. Yalnız Azərbaycan xalqı öz müstəqilliyini bərpa etdikdən, onun tələbi ilə ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan və “Əsrin Müqaviləsi” imzalandıqdan sonra bu sərvətlər Azərbaycan xalqının rifahına çalışmağa başlayıb. “Qara Yanvar şəhidləri canlarını qurban verdilər ki, biz sizinlə müstəqil, azad dövlətdə yaşayaq. Bu dövlətin müstəqilliyini iqtisadi baxımdan gücləndirmək isə bizim sizinlə uğurlarımızdan asılıdır. Bizim qəhrəmanlıq meydanımız mədəndir,” deyərək o tədbiri yekunlaşdırıb.