Menyu

Avqustun ortasından başlanan “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş SOCAR-2024 minifutbol turnirində sentyabrın 30-u final oyunları keçirilərək qalib müəyyənləşib.  Bu, “Balakhani Operating Company LTD” şirkətinin neftçilər komandası olub. 

Bakı Tennis Akademiyasında turnirin 1-ci, 2-ci və 3-cü yeri uğrunda keçirilən həyəcanlı oyunlarda “Balakhani Operating Company LTD” şirkətinin minifutbol komandası "Azəriqaz" İstehsalat Birliyindəki həmkarları ilə üz-üzə gəlib və oyunu 4:2 hesabı ilə başa vuraraq turnirin çempionu adını qazanıblar. Mükafatları təqdim edən “Neftçi” İdman Klubu İdarə Heyətinin sədri Hafiz Zeynalov və klubun yetirməsi, cüdo üzrə Olimpiya çempionu Hidayət Heydərov Balaxanı neftçilərinə daha bir titulu- turnirin “ən yaxşı qapıçısı” mükafatını Toğrul Hacıyevə təqdim ediblər.

Daha sonra “Balakhani Operating Company LTD” şirkətində keçirilən görüşdə kuboku qürur hissi ilə təmsil etdikləri qurumun prezidenti Rövşən Rzayevə təqdim edən komandanın kapitanı Rəşad Quliyev vuğulayıb ki, turnirdə heyəti qələbəyə aparan Balaxanı neftçilərinə məxsus fədakarlıq, qarşılıqlı inam və birlik ruhu  idi. O, şirkət rəhbərliyinə onlara verdiyi dəstək və etimada görə minnətdarlığını bildirib.

Şirkət prezidenti Rövşən Rzayev isə qeyd edib ki, “Əsrin müqaviləsi”nin 30 illiyinə həsr olunmuş turnirdə qələbə Azərbaycanın quru yataqlarında neft hasilatı ilə məşğul olan ən böyük əməliyyat şirkəti olaraq “Balakhani Operating Company LTD”-yə rəmzi ilham mənbəyidir. O, hər bir futbolçunu nailiyyətlə bağlı təbrik edərək bildirib: “Oyun meydançasında nümayiş etdirdiyimiz mükəmməliyi neft mədənlərində də birgə nümayiş etdirməkdə davam edəcəyik”.