Menyu

Balaxanı Əməliyyat Şirkəti (BOC LTD) “Milli Mətbuat və Jurnalistika Günü” münasibətilə tədbir keçirib

Əvvəlcə Ümummilli Lider Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Daha sonra milli mətbuatın keçdiyi tarixi inkişaf yolundan bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş nitqi ilə açan Balaxanı Əməliyyat Şirkətinin prezidenti Rövşən Rzayev bildirib ki, kütləvi informasiya vasitələri mətbuat cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Azərbaycan milli mətbuatı da yarandığı ilk gündən milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı yerinə yetirib. Həsən bəy Zərdabinin yaratdığı və redaktoru olduğu "Əkinçi" qəzeti ilə əsası qoyulan Azərbaycan jurnalistikası bir əsr yarıma yaxın bir dövrdə çətin, lakin şərəfli yol keçib.

Çıxış edən “İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə qeyd edib ki, bu günün mətbuat günü kimi qeyd olunması isə Həsən bəy Zərdabi tərəfindən 22 iyul 1875-ci ildə ölkəmizdə anadilli ilk mətbu orqanın əsasının qoyulması ilə bağlıdır. Həmin gün "Əkinçi" qəzetinin ilk sayı işıq üzü görüb. 1875-1877-ci illər ərzində fəaliyyət göstərən "Əkinçi"nin 56 sayı işıq üzü görüb və bu qəzetin nəşri təkcə Azərbaycanda deyil, bütün Qafqazda geniş əks-səda doğurub. Ömrü qısa olsa da, qəzet xalqımızın milli oyanışında, milli birliyinin möhkəmlənməsində böyük rol oynayıb, mütərəqqi ideyaları ilə Çar Rusiyasının hakim dairələrini narahat etdiyinə görə fəaliyyəti dayandırılıb.

Çıxış edən “Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev bildirib ki, Ümummilli Lider Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi dövrlərdə mətbuata böyük diqqət və qayğı ilə yanaşırdı. Məhz onun təşəbbüsü ilə mətbuat üzərində senzura aradan qaldırıldı, söz və mətbuat azadlığı bərqərar edildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev də ölkəyə rəhbərlik etdiyi ilk dövrdən başlayaraq kütləvi informasiya vasitələrinə xüsusi həssaslıqla yanaşmış, mətbuat orqanlarına maliyə dəstəyi göstərilməsinə, onların maddi-texniki bazasının möhkəmlən-məsinə həmişə əməli köməklik göstərmişdir.

Çıxış edən YAP Mərkəzi Aparatının İnformasiya texnologiyaları və ictimaiyyətlə əlaqələr şöbəsinin müdir müavini Xatirə Əliyeva qeyd edib ki, bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığı istiqamətində də çox uğurlu irəliləyişlər göz qabağındadır. Ölkədə söz azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, istər yazılı, istərsə də elektron kütləvi informasiya vasitələrinin inkişafı ilə bağlı mühüm layihələr həyata keçirilir.

Daha sonra çıxış edən Azərtac İnformasiya Agentliyinin Korperativ Əlaqələr və Markentinq şöbəsinin müdiri Emil Hüseynli, Balaxanı Əməliyyat Şirkətinin rəhbərinin əməliyyatlar üzrə müşaviri Telman Cəfərov, şirkətin Ümumi İşlər  departamentinin direktoru Kərim Aşurov bildirdilər ki, respublikamızın ictimai-siyasi, sosial-iqtisadi həyatında demokratik dəyərlərin daha geniş şəkildə bərqərar olması, müstəqil dövlətçiliyin siyasi, iqtisadi və hüquqi dayaqların möhkəmlənməsi prosesi sürətləndikcə, azad söz və mətbuat da cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur.

Sonda bir qrup mətbuat nümayəndələri təşəkkürnamə və hədiyyələrlə təltif olundu.