Menyu

Balaxanı, Sabunçu və Ramana sahələri bir-birinə sıx yerləşdiklərinə görə hər zaman bir yataq kimi qeydə alınıb

Bu yataqlar bloku Abşeron yarımadasının mərkəzi hissəsində, Bakı şəhərindən 12 km şimal-şərqdə, Balaxanı, Sabunçu və Ramana kəndlərinin ərazisində yerləşir. Yataqda neftli laylar yer üzərinə çıxır. 

 

Burada hələ çox qədim zamanlarda əllə qazılmış üç-beş metr dərinlikli quyulardan neft çıxarılıb.

Yataqda sənaye üsulu ilə ilk neft quyusu 1871-ci ildə 38 metr dərinlikdə qazılıb və kəndin tarixində parlaq iz qoyulub. Quyu qazılan zaman sutkalıq 3 000 ton neft hasilatı ilə işlənməyə cəlb olunub. 

1873-1878-ci illərdə Balaxanı ərazisində mexaniki üsulla 47 neft quyusu qazılıb. Bu dövrdə xarici şirkətlər Balaxanıda çoxlu torpaqlar əldə ediblər. Eyni zamanda, Nobel qardaşları, Rotşild, Rokfeller kimi milyonçular, rus kapitalistlər mədənlər salıblar.

1878-ci ildə Nobel qardaşları şirkətinin sifarişi ilə çar Rusiyasında ilk dəfə Balaxanıdan Bakıdakı Qaraşəhərdə fəaliyyət göstərən neft emalı zavoduna 12 kilometr uzunluğunda boru kəməri çəkilir. Ümumiyyətlə, Balaxanı qəsəbəsindən söhbət düşəndə tez-tez “Azərbaycanda ilk dəfə” sözləri işlədilir.

Qeyd edək ki, 1871-ci ildən 2022-ci il yanvarın 1-nə kimi yataqdan 274 milyon ton neft çıxarılıb. Balaxanı yatağında illik maksimal neft hasilatı 1901-ci ildə 8 milyon 831 min ton həcmində qeydə alınıb. Yatağın təbii düşmə tempini azaltmaq məqsədilə hər il yeni və yan lülə quyuları qazılır, geoloji-texniki tədbirlər həyata keçirilir.  

Ərazidəki yataq “Balakhani Operating Company LTD” şirkətinin Azərbaycan Respublikasındakı filialı tərəfindən istismar olunur.